Premyer Liqanın təqvimində dəyişiklik - Karate 1

ESTAFET/ Karate1 Premyer Liqanın təqvimində dəyişikliklər edilib. Bu haqda məlumatı Ümumdünya Karate Federasiyası (WKF) açıqlayıb.

Bu dəyişikliklərə koronavirus pandemiyası səbəb olub. Bakıda təşkil olunması planlaşdırılan, lakin məhdudiyyətlər səbəbindən baş tutmayacaq 1-ci mərhələ Türkiyədə keçiriləcək. Turnirə İstanbul ev sahibliyi edəcək. Mövsümün ilk yarışı martın 12-14-də təşkil olunacaq. Yarışla paralel ölkəmizdə keçirilməsi nəzərdə tutulan hakimlər üçün beynəlxalq seminar da İstanbula verilib.

Portuqaliyanın paytaxtı Lissabondakı mərhələ isə ümumiyyətlə ləğv edilib. Bu turnir aprelin 30-dan mayın 2-dək keçirilməli idi.

İstanbuldan sonra karateçilərin növbəti sınağı aprelin 9-11-də Mərakeşin Rabat şəhərində olacaq. Premyer Liqa çərçivəsindəki digər iki yarış ilin ikinci yarısına təsadüf edəcək. Özbəkistan paytaxtı Daşkənd sentyabrın 3-5-də, Rusiyanın Moskva şəhərində isə oktyabrın 1-3-də baş tutacaq.

Qeyd edək ki, 2021-ci il karatenin Olimpiya Oyunlarında debütü ilə əlamətdar olacaq. Yarış baş tutsa, karateçilər avqustun 5-7-də tatamiyə çıxacaq.

Müəllif: Natiq NƏSİROV